• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 29.07.2021 20:41

Yeni infrastruktur layihələr icra olunur

KepezTV Player

Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəlib.Şəhərin əsasını sanatoriya, kurort infrastrukturu təşkil edir.Son illər müasirliyi ilə seçilən yeni kurort zonalarının yaradılması ilə şəhərin turizm potensialı genişləndirilir, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşır. Naftalan Mərkəzi Sanatoriyası da belə layihələrdən biridir.

Sanatoriya 10 mərtəbə, 88 standart otaqdan ibarət olmaqla 176 yerlikdir. Mərkəzin fəaliyyətə başlaması ilə 50 nəfər işlə təmin olunacaq.Son illərdə Naftalan şəhərində müasir tələblərə cavab verən 10-dan çox istirahət və sağlamlıq mərkəzi istifadəyə verilib. Ancaq bu mərkəzin digərlərindən fərqi var.

Naftalan neftinin müalicəvi əhəmiyyəti nəzərə alınaraq, Mərkəzi Sanatoriyada ilk dəfə olaraq avtomatlaşdırılmış vannalar qonaqların istifadəsinə veriləcək.

Naftalan Mərkəzi Sanatoriyasında müxtəlif növ müasir müalicə avadanlıqları müraciət edənlərin ixtiyarında olacaq. Yeni müalicə metodlarının istifadə olunması da gündəmdədir.

İltifat Lütfizadə həkim: Puvoterapiya ilk dəfə olaraq Naftalanda istifadə olunacaq.Puvoterapiya 28 ultrabənövşəyi şüadan ibarət bir aparatdır.Bu aparat vasitəsilə dermatoloji xəstələr, dermatitlər, psariyazlar, neyrodermitlər müalicə alacaq.Eyni zamanda Naftalanda fizioterapevtik üsullar Naftalan vannaları ilə birlikdə kompleks tətbiq olunacaq. Eyni zamanda Naftalan Mərkəzi Sanatoriyasında müalicə yemək, fin, türk hamamı və istirahət üçün digər sahələrdə mövcud olacaq.

Prezident İlham Əliyevin bu yaxınlarda Naftalanda açılışını etdiyi, müasir standartlara uyğun qurulan uşaq bağçasında da azyaşlıların təlim tərbiyəsi və sağlam vətəndaş kimi yetişmələri üçün hər bir şərait yaradılıb.

Kəmalə Hüseynova Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndəsi: Qarşısında dayandığımız bağça Naftalanda dövlət tərəfindən tikilib istifadəyə verilən sayca 2-ci bağçadır.Bağça 11 qrup üçün nəzərdə tutulmuşdur.200 yerlikdir.Bağçanın həyətində bütün qruplar üçün söhbətgahlar quraşdırılıb.Bağça mərkəzləşdirilmiş istilik sistemi və müşahidə sistemi ilə tam təchiz olunub.

Naftalan şəhərində infrastrukturun təkmilləşdirilməsi, gələcəkdə bu şəhərin daha çox qonaq qəbul etməsinə şərait yaradacaq. Bu da öz növbəsində bölgənin turizm sektoruna öz töhfəsini verəcək.

Valeh Anaroğlu