Aqrar rayon olan Göygöldə suvarılan ərazilərdə taxıl biçini tam başa çatıb. Artıq torpaq mülkiyyətçiləri dağ kəndlərində dəmyə şəraitində yetişən taxılın biçininə başlayıblar. Bu mövsüm havanın normaya uyğun yağıntılı keçməsi zəmilərdən bol məhsul yığmağa imkan verir. Bu isə şübhəsiz fermerləri sevindirir.
Göygöldə ilk olaraq sahələrdən taxıl biçininə suvarılan ərazilərdən başlanılıb. Fermerlər burada əkdikləri 850 ha sahədə buğda biçinini tam başa çatdırıblar. Eləcə də 1963 ha sahədən arpa biçilərək anbarlara daşınıb. Hazırda rayonun dağ kəndləri olan Kərəmli, Şəhriyar, Zuranabadda dəmyə şəraitində əkilən taxıl sahələrində biçinə başlanılıb. Məhsul boldur.
Göygöldə bu il ümumilikdə 7124 ha sahədə taxıl əkini aparılıb ki, bunun da 4361 hektarı buğdanın, 2763 isə arpanın payına düşür. İndiyə kimi 6799 ha sahədə biçin başa çatdırılıb, 21 min 107 tona yaxın məhsul əldə edilib. Hazırda rayon üzrə hektardan orta məhsuldarlıq 31 sentnerdir ki, bu da ötən ilə nisbətən çoxdur. Taxıl biçinini operativ təşkil etmək məqsədi ilə rayonda qərargah da yaradılıb və mütəxəsislər gündəlik olaraq bütün məlumatları Kənd Təsərrüfatı Nazirliyinə göndərirlər. Fermerlərin biçin zamanı qarşılaşdıqları çətinliklər isə yerindəcə həll olunur.
Hazırda sahələrdə 30-dan artıq kombayn işləyir ki, bunun da 2-si bu il rayona yeni gətirilib. Bu komabaynların 11-i ətraf rayonlardan kömək məqsədi ilə Göygölə gətirilib. Taxılı sahələrdən daşımaq üçün 40-a yaxın yük avtomobili də var. Fermerlər bu ayın sonuna kimi taxıl biçinini yekunlaşdırmağı nəzərdə tuturlar.
Elnur Vahidoğlu
- Baxış: 3237