Paytaxtda və bölgələrdə narkotiklərlə mübarizə tədbirləri çərçivəsində uğurlu əməliyyatlar keçirilib, saxlanılanlar var. Təfərrüatları süjetdən biləcəyik.
Şəmkir Rayon Polis Şöbəsi Kür Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində rayonun Mahmudlu kənd sakini Fikrət Sultanova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilib. Oradan 7 ədəd, ümumi çəkisi 2 kq 650 qram olan çətənə kolu aşkarlanıb. Eləcə də qurudulması üçün sərilmiş, 100 qram marixuana götürülüb. Maddi sübutlar ekspertizaya təqdim olunub. Fikrət Sultanov çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirsə də, digər xüsusatlar istisna edilmir.
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Seyidağa Ağayev saxlanılıb. Onun Hövsan qəsəbəsi, Südçülük Sovxozunda yerləşən evinin həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi 40 ədəd, ümümi çəkisi 5 kiloqram 515 qram olan çətənə aşkar olunub.
Daha bir əməliyyatla rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan paytaxt sakini Elmar Mirzəyev saxlanılıb. Onun Suraxanı qəsəbəsində yerləşən evinin həyətindən yetişdirdiyi çətənə kolları, üzərindən və mənzilindən 3 kiloqram 500 qram, o cümlədən, 9 ədəd kibrit qutusunda satış üçün qablaşdırılan qurudulmuş marixuana, heroin, metamfetamin bükümləri və elektron tərəzi aşkar olunaraq götürülüb.
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Əli Əlhəsənov saxlanılıb. Ona məxsus fərdi yaşayış evinə baxış zamanı təmiz çəkisi 140 qram olan qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən 9 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri açılıb.
- Baxış: 740