• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1070
— 12.06.2021 21:40

Qorxmazlığı ilə seçilən şəhid Taleh Mustafazadə

KepezTV Player

Bizə qələbə, zəfər sevincini yaşadan igidlərimizi, şəhidlərimizi heç vaxt unutmayacayıq. Onlar daim qəlbimizdə yaşayacaqlar. Qanı Qarabağ torpağına qarışan, daha bir igidimizdən - Taleh Mustafazadədən videomaterial hazırlamışıq.

1995-ci ildə Gəncə şəhərində anadan olan Taleh Mustafazadə ötən il sentyabr ayının sonlarında Vətənin bütövlüyü uğrunda düşmənə qarşı həyata keçirilən əks-hücum əməliyyatları başlayandan ordu sıralarına qoşulur. Oktyabrın sonlarından torpaqlarımızın azadlığı naminə gedən döyüşlərin fəal iştirakçısına çevrilir. Füzuli və Xocavənd rayonlarında bölüyü ilə birlikdə irəliləyən Nizami yurdunun igidi atıcı manqa komandiri kimi Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə də iştirak edib. Noyabrın 8-i - Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa azad olunan gün Taleh Mustafazadə düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Taleh Mustafazadə döyüş meydanında cəsarəti ilə seçilib. O, döyüş yoldaşlarının yaddaşında mərd, igid, qorxmaz döyüşçü kimi qalıb.

Bir bacısı olan Talehin atası və əmisi də 1-ci Qarabağ müharibəsində iştirak ediblər. Onların danışıqlarından ruhlanaraq daim düşməndən qisas almaq arzusu ilə yaşayan gəncəli şəhidimiz bu istəyini reallaşdırmaq üçün hər zaman döyüş meydanına yollanmağa can atıb.

Torpaqlarımızın azad olunmasında böyük xidmətlər göstərən Taleh Mustafazadənin igidliyi ölümündən sonra 3 medalla qiymətləndirilib. Şəhidimiz “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın işğaldan azad olunmasına görə” medallarına layiq görülüb.