Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bildirib ki, nəqliyyat sahəsi həmişə gündəlikdə ön sıralarda olub. İkinci Qarabağ savaşından sonra bunun önəmi daha da artdı. Yeni layihələr də artıq masa üzərindədir.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Ancaq İkinci Qarabağ savaşından sonra biz yeni bir dəhliz üzərində çalışırıq - Zəngəzur dəhlizi. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edildi. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək.Bildiyiniz kimi, müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdir. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu dəhlizin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir. Bildiyiniz kimi, indi üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var.Biz artıq azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə start verdik. Əminəm ki, yaxın iki il, bəlkə iki il yarım ərzində o dəmir yolu tam istismara veriləcəkdir.Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək, bütün təlimatlar verilib. Ermənistan ərazisində Zəngəzur dəhlizinin önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir dəhliz açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaqdır.
Adil Karaismailoğlu - Türkiyənin nəqliyyat və infrastruktur naziri: Biz də dəmir yolu məsələsində çalışırıq, Prezidentimizə də məlumat verdik. Xüsusilə Naxçıvan ilə Qars arasındakı, Qars-Aralık-Dilucu arasındakı layihələrimizi yekunlaşdırmışdıq. İnşallah, onları da bir proqram şəklində hazırlayıb bu dəmir yolunu – Naxçıvan ərazisindən yeni bir dəhlizin inşasını birlikdə həyata keçirəcəyik.
Prezident İlham Əliyev Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, prokurorluq orqanlarının həyata keçirdiyi əməkdaşlığın bu münasibətlərin inkişafı baxımından önəmi qeyd olunub.Söhbət zamanı Türkiyənin bu sahədəki təcrübəsinə toxunulub, Azərbaycanda prokurorluq sahəsində aparılan islahatlardan danışılıb.
- Baxış: 387