Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrupun iclası keçirilib. Qeyd edilib ki, postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2859 şəhidin 7303 ailə üzvünə 13225 istiqamət üzrə sosial ödənişlər təyin edilib. 228 nəfər Vətən müharibəsi müharibə əlilinə də sosial ödənişlər təyin edilib, mülki şəhidlərimizin ailələrinə sosial ödənişlərin təyinatı artıq yekunlaşdırılıb. Dövlət başçısının Sərəncamı ilə 2021-2025-ci illərdə 11 min, o cümlədən 2021-ci ildə 3 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq. Həmin kateqoriyalardan olan 5329 nəfərin məşğulluğu təmin olunub. Onlardan 4098 nəfəri özünüməşğulluq proqramına cəlb olunub.
511 müharibə əlilinə 2370 reabilitasiya vasitəsi verilib, 16 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. Mərkəzi Bank, “Azərsığorta” tərəfindən 13264 şəxsə sığorta ödənişi verilib, 1003 şəhidə aid 1720 kredit üzrə 7,9 mln. manatdan artıq məbləğdə borc öhdəliyi tam silinib. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ipoteka kreditinin olduğu müəyyən edilmiş 83 şəhidin 3 484 643 manat kredit öhdəliyi Həyat Sığortası üzrə fəaliyyət göstərən 4 şirkət tərəfindən ödənilib. Şəhid ailəsi üzvlərinə aid 286 kredit üzrə 633 min manat borc öhdəliyi tam silinilib.
- Baxış: 234