Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. "Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsib, yurdumuzu bədxah düşməndən təmizləyib və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirib", - deyə dövlət başçısı təbrikində vurğulayıb. Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyib. "İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik", - Prezident İlham Əliyev belə deyib.
- Baxış: 375