Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində aparılan tədbirlər nəticəsində şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb. Gəncə sakini, Kamran Əliyev idarə etdiyi “İsuzu-Bogdan” şəhərdaxili marşurut avtobusu ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlərlə avtoxuliqanlıq etmiş və video-çəkiliş edərək sosial şəbəkələrdə paylaşıb. Onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Kamran Əliyev 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.
Avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşan digər bir şəhər sakini barəsində də hüquqi tədbir görülüb. Belə ki, polis əməkdaşları tərəfindən Novruz Məmmədovun özünə məxsus “VAZ 2107” markalı avtomobillə təhlükəli manevrlər etməsi, yol hərəti qaydalarını kobud surətdə pozaraq özü və digər hərəkət iştirakçılarına təhlükə yaratması aşkar edilib. Novruz Məmmədov barəsində də toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.
- Baxış: 482