• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 21.02.2021 19:05

Şəhidin anım günü qeyd olunub

KepezTV Player

Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Oktay Məmmədovun xatirəsi anılıb. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin keçirdiyi tədbirdə qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, eləcə də Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 1971-ci ildə Kəlbəcərin Nəcəfalı kəndində anadan olan Oktay Məmmədov 1991-ci ildə vətənin dar günündə silaha sarılaraq könüllü cəbhəyə yollanıb. Kəlbəcər, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Döyüş yoldaşları ilə birlikdə düşmənin xeyli sayda texnikasını, canlı qüvvəsini məhv edib. Onun igidliyi, şücayəti həmişə hərbçi yoldaşlarında ruh yüksəkliyi yaradıb. Oktay Məmmədov 1993-cü ildə Laçın rayonunun Haqnəzər kəndi ətrafında gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. Bu gün onun kimi, minlərlə şəhidimizin ruhu şaddır. Çünki uğrunda canlarından keçdikləri torpaq 30 ildən sonra müzəffər ali baş komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad olundu.

Surxay Məmmədov - şəhidin atası: Şükür mən ona edirəm ki, İlham Əliyev kimi ali baş komandanımız var. Onun, bir də qeyrətli əsgərlərimizin hesabına rahat yaşayırıq. Onların da qanı yerdə qalmadı. Şükür ki, öz torpaqlarımızın hamısı ermənidən təmizləndi. İndi cavanlarımız rahat yaşaya bilər.

Daybək Məmmədov - şəhidin oğlu: Allah bütün şəhidlərə rəhmət eləsin, yerləri cənnət olsun. Torpaq uğrunda döyüşüblər, həlak olublar. Biz də onlara borcluyuq ki, hər birimiz ayaq üstə sağ-salamat gəzə bilirik. Mən fəxr edirəm. Həmişə atasız olmuşam, amma arxasız olmamışam.