• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1757
— 16.02.2021 12:24

Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib

KepezTV Player

İndoneziya BMT Baş Assambleyası, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı tərəfindən qəbul edilmiş dəstək xarakterli qətnamələrə həmişə qoşulub və Azərbaycanın haqq işini dəstəkləyib. Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul etdikdən sonra Hildi Hamidlə söhbətdə belə deyib. Bu dəstəyin Azərbaycanın mövqeyini, çox möhkəm hüquqi bazanın yaradılması prosesini gücləndirdiyinə diqqət çəkən dövlət başçısı iki ölkə arasında yeni əməkdaşlıqlar üçün yaxşı imkanların olduğunu da vurğulayıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Biz indi irəliyə baxmalıyıq. Azərbaycan öz ərazilərini azad etdikdən və ərazi bütövlüyünü bərpa etdikdən sonra iqtisadi əməkdaşlıq üçün böyük imkanlar var, həmçinin işğaldan azad olunmuş torpaqlarda da. Biz planlaşdırdığımız müxtəlif layihələri icra etmək, həmçinin birliyimizi nümayiş etdirmək üçün İndoneziya şirkətlərini tərəfdaşlarımız, podratçılarımız qismində görmək istəyirik. Bu, bizim planımızdır. Sizə burada xoş vaxt keçirməyi, çox fəal iş arzulayıram. Çünki ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün iqtisadi sahədə çoxlu işlər görülməlidir. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı biz yaxşı irəliləyiş görəcəyik. 

Prezident İlham Əliyevin Belarusun yeni səfiri Andrey Ravkovla söhbətində isə əməkdaşlığın mühüm istiqamətlərindən söz açılıb. Azərbaycanda Belarus-Azərbaycan müştərək müəssisələrinin yaxşı nümunələrinin olduğu vurğulanıb, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərinə toxunulub.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Uzun illər boyu uğurla həyata keçirilən hərbi-texniki əməkdaşlıq mühüm sahədir. Biz hərbi-texniki əməkdaşlığın potensialını artırmaqla, o cümlədən yüksək texnologiyalar sahəsində də əməkdaşlıq edirik. Beləliklə, gündəlik yetərincə genişdir. Əminəm ki, Azərbaycanda olduğunuz müddətdə siz qarşılıqlı fəaliyyətin potensialını daha da artırmaq üçün bu məsələlərlə fəal məşğul olacaqsınız. Əlbəttə, biz əvvəl olduğu kimi, bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik. Əminəm ki, belə çoxtərəfli və çoxplanlı birgə fəaliyyət bundan sonra da ölkələrimizin yaxınlaşmasına şərait yaradacaq.