Goranboy sakini Gəncədə oğurluq etdiyi evləri alova qərq edib. Bu minvalla 5 mənzili yandıran şəxs polisin əlindən qaça bilməyib.
Törədilən cinayətlərin hamısı Cavadxan qəsəbəsində baş verib. Qarət etdiyi 5 evə od vurub yandıran isə Goranboy rayon sakini Arzu Məmmədovdur. Gəncənin Kəpəz rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxs sonuncu belə əməlini qəsəbə sakini Anar Əliyevə məxsus evdə törədib. Oğurluq etdikdən sonra izi itirməyin yolu kimi evi yandırıb.
Araşdırmalar zamanı o da məlum olub ki, Arzu Məmmədov öz evindən də oğurluq edilməsi barədə polisə yalan məlumat verib. 6 oxşar cinayətdə əli olan şəxs bütün əməllərini eyni üsulla törədib.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. O spirtli içki aludəçisi olduğunu və hadisələri də sərxoş halda törətdiyi deyib.
Faktlarla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.
- Baxış: 392