Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasından bölgəmizə birbaşa həmsərhəd olan və onunla çoxillik tarixi əlaqələri olan yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir.<br>Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Rusiya Prezidentinin müsahibəsinə münasibətində belə deyilir. Rusiya Prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözlərinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanır. "Rusiya Prezidentinin verdiyi müsahibədə səsləndirilən ölkəmizin işğal olunmuş ərazilərinin Ermənistanın nəzarəti altında olması barədə açıqlaması son dərəcə mühüm xarakter daşıyır. Xüsusilə qeyd olunmalıdır ki, Rusiya Prezidenti Ermənistan tərəfinin cari ilin 9 noyabr tarixli razılaşmaların şərtlərinin yerinə yetirməkdən ehtimal edilən imtinanı "böyük səhv" və hətta "intihar" kimi xarakterizə etdi" - deyə açıqlamada vurğulanır.
- Baxış: 193