• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2237
— 10.11.2020 20:12

Qarabağın müjdəli xəbəri dünya mediasında

KepezTV Player

İllərdir davam edən Dağlıq Qarabağ münaqişəsi nəhayət ki, bu gün həlli yolunu tapdı. Ordumuzun yenilməz əzmi, qətiyyəti, xalqımızın döyüş ruhu düşmən tərəfi sözün həqiqi mənasında yerinə otuzdurdu. Üçtərəfli bəyanət Azərbaycanın xeyrinə imzalandı. 2 gün əvvələ kimi Şuşanın qayıdışına sevinən xalq bu gün Qarabağı bayram etdi və dünya mediasında xəbər oldu.

Bu dəfə çoxdandır gözlənilən xəbər, dünya mediasının səssizliyini pozdu. Tarixi günü, şanlı zəfərimizi müxtəlif ölkələri təmsil edən kütləvi informasiya vasitələri ictimaiyyətə çatdırdı. Xoş günümüzə ilk reaksiya qardaş ölkə Türkiyə tərəfindən gəldi. Haber qlobal xəbəri “Tarixi an və tarixi açıqlama” başlığı altında paylaşarkən, CNN Türk birgə bəyanata “Ermənistan məğlubiyyəti qəbul etdi” şərhini verdi. TRT Haber və Türkiyənin digər media mənsubları da müqaviləni hər xırda detalınadək izləyicilərinin ixtiyarına verdi. Rusiyanın “Kommersant.ru” xəbər saytı “Bakı qeyd edir, Ermənistan etiraz” şərhi ilə paylaşım etdi. Sözügedən informasiya çox keçmədi ki, RTVİ telekanalının rəsmi saytında da öz əksini tapdı. Məsələyə münasibət Rusiya kimi Britaniyanın media mənsublarından da gecikmədi. “Open media” televiziya şirkəti və BBC NEWS bu vəziyyətin Ermənistan üçün heç də asan olmayacağını ictimaiyyətin diqqətinə çatdırdı. İsrail, Fransa, Səudiyyə Ərəbistan və digər ölkələrin də biganə qalmadığı informasiyaya nəinki xəbər saytları, hətta CNN sport da münasibət bildirdi. ABŞ-da fəaliyyət göstərən kanal razılaşmadan sonra Azərbaycan prezidentinin açıqlamasına diqqət çəkdi. Saytlarında Ali Baş Komandanın “Bu gün müqaviləni qürurla imzalayıram! Azərbaycan xalqını təbrik edirəm!” sözlərini paylaşdı.