Vasitəçilər tərəfindən Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmayıb. Sülh planında Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin Azərbaycana qaytarılması deyilir. O ərazilər ki, orada azərbaycanlılar yaşayıb və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalıb. Bunu Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində deyib. Vurğulayıb ki, 90-cı illərin əvvəllərində biz müharibəni yox, döyüşü uduzmuşduq ki, bu da obyektiv səbəblər üzündən baş verib. Birincisi, Ermənistan o vaxt Azərbaycanda mövcud olan daxili qeyri-sabitlikdən sui-istifadə edib. İkincisi də, Ermənistana açıq xarici dəstək göstərilib.
Azərbaycanın atəşkəsə hazır olduğuna, lakin Moskvada humanitar atəşkəs razılmasının ertəsi gün Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə ballistik raket hücumuna diqqət çəkən dövlət başçısı deyib ki, ikinci dəfə humanitar atəşkəs yalnız iki dəqiqə davam edib və Ermənistan yenə də onu pozub. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur. İlham Əliyev rəsmi Bakının yenə də atəşkəsə hazır olduğunu bəyan edib.
“Ermənistanın Gəncə şəhərinə qarşı onlarca adamın həlak olduğu ballistik raketlərlə törətdiyi amansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq, lakin döyüş meydanında”, - deyən Prezident İlham Əliyev Azərbaycan Ordusunun mülki şəxslərə, dini məkanlara hücum etmədiyini vurğulayıb. Qeyd edib ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və bizim oraya hücumlarımız yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra biz Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməmişik. İndiyədək dronlarımız düşmənin 230-dan çox tankını, 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv edib. Azərbaycan Ordusu dronlardan mülki şəxslərə qarşı istifadə etmir. Dövlət başçısı guya döyüşlərdə Azərbaycan tərəfdə suriyalı silahlıların döyüşdüyü barədə iddialara da cavab verib.
Azərbaycanın ABŞ-dan gözləntiləri ilə bağlı suala cavab verərkən İlham Əliyev qeyd edib ki, razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu, Azərbaycan Prezidentinin, ya da Ermənistanın baş nazirinin nə istədiyinə əsaslanmamalıdır.
Sülhün Ermənistan tərəfinin iradəsindən asılı olacağını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu, məntiqli baza əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycanın erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi ilə olmalıdır.
- Baxış: 182