Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində deyib ki, “Qarabağ” yatağının dəniz işlərinə başlanması çox önəmli mərhələdir. “Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: 1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanmışdır. 1990-cı illərdə bu yataqda 3 quyu qazılmışdır. Lakin xarici tərəfdaşlar “Qarabağ” yatağının səmərəliliyinə inanmamışdılar, kontrakta xitam verilmiş və “Qarabağ” yatağı tərk edilmişdi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir.
“Qarabağ” müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilib. Nəhəng qurğu Xəzər dənizində inşa edilən ən böyük qurğudur. Prezident İlham Əliyev onu da deyib ki, 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Dövlət başçısı növbəti illərdə “Qarabağ” və digər yataqların uğurla istismar ediləcəyinə və ölkəmizə böyük fayda verəcəyinə əminliyini ifadə edib.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Nəzərə alsaq ki, “Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, “Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə, quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur.
Hazırda dərin özüllər zavodunda 5 minə yaxın insanın çalışdığına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, bu nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların tikintisi burada məşğulluğu tam təmin edir. “Qarabağ” yatağından hasilat barədə danışarkən dövlət başçısı deyib ki, hər şey plan üzrə getsə, 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq, və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır.
“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarında hasilatın sabit saxlanması əlbəttə ki, bizim üçün vacib məsələdir. Eyni zamanda, Azərbaycan ictimaiyyəti onu da bilməlidir ki, bizim qaz potensialımızın önəmli hissəsi “Azəri”, “Çıraq” və “Günəşli” yataqları hesabına formalaşır. Çünki orada hasil olunan qaz ümumi sistemimizə daxil edilir. Prezident İlham Əliyev deyib ki, eyni zamanda, “Şahdəniz-2” layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. “Şahdəniz-2”nin tammiqyaslı işlənilməsi bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Bununla da həm daxili tələbat ödəniləcək, həm də ixrac üçün böyük həcm yaranacaq.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz “Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir. “Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var. Əlbəttə, qazma işləri ehtiyatların dəqiq həcmini göstərəcək.
Prezident İlham Əliyevin sözlərinə görə, indi əsas diqqət Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir. Çünki bu, imkan verir ki, “Şahdəniz” yatağının tam işlənilməsi təmin edilsin. Eyni zamanda, onu da bildirməliyəm ki, Cənub Qaz Dəhlizi inşa olunmadan investor buraya və heç bir başqa layihəyə vəsait qoymazdı, yaxud da tərəddüd edərdi. Çünki, məsələn, “Abşeron” qaz-kondensat yatağından çıxarılacaq qazın ixracı üçün yol olmalıdır, həmçinin “Qarabağ” yatağından və digər yataqlardan çıxarılacaq təbii qazın da. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə “Şahdəniz” layihəsi ilə məhdudlaşmır. Bu layihə icra olunmadan bizim enerji siyasətimiz yarımçıq qala bilərdi. Amma bu gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını tam təmin edir. “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə - Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür.
Əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Prezident İlham Əliyev vurğulayıb ki, bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaq.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur. Eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
- Baxış: 336