“Azəriqaz” Gədəbəydə qazlaşdırma işlərini davam etdirir. Rayonun daha 4 kəndinin sakinləri mavi yanacaqdan istifadə edəcək.
Qaz xətləri Gərgər, Qasımlı, Arıqıran və Əyrivəng kəndlərinə çəkilir. Sadalan kəndlərin yaşayış evləri ilk dəfə olaraq qazlaşdırılacaq. İndi işlər Gərgər kəndində gedir. Buranın ərazisi dağlıq relyefə malik olsa da, qaz borularının çəkilişi sürətlə aparılır və artıq işlərin xeyli hissəsi başa çatıb.
Famil Mehdiquliyev - Şəmkir Regional Qaz İstismar idarəsinin rəis müavini: Zamanında işlərin tamamlanması nəzərdə tutulub. Təbii ki, payız-qış mövsümünə kimi kəndlər təbii qazla təmin ediləcək. Hazırda daşıyıcı və paylayıcı qaz kəmərləri çəkilir. Ardıcıllıqla fərdi tənzimləyicilər quraşdırılacaq. Sonra qazın verilişi olacaq. İşlərin 55-60 faizi icra olunub.
Gədəbəydə layihə üzrə birpilləli sistem əsasında 120 km-dən artıq müxtəlif diametrli qaz xətlərinin çəkilməsi palanlaşdırlır. İşlər yekunlaşdıqdan sonra 4 kənddə ümumilikdə 1100 abonent qazla təmin olunacaq.
Heydər Aslanov - Gərgər kənd sakini: Hisdə dururduq, odun çatışmırdı, maşın 500-600 manata gətirirdi, meşələr qırılırdı. İndi qaz çəkilir. Hamıya təşəkkür eliyirik. Təbrik eliyirik. Bundan sonra qoy qazımız yansın.
Nuru Rəsulov - Gərgər kənd sakini: Camaat əziyyət çəkirdi. Qadınlarımız olduqca əziyyət çəkirdi. Bilirsiz ki, Gədəbəy ilin 7-8 ayı qış keçir. Bu vaxt yanacaq kimi yalnız odundan istifadə edirdik. Gördüyünüz bu odunları meşələri qırıb gətirirdik. İndi şükür qaz çəkilir, meşələr də qırılmayacaq.
Kərəm Məmmədov - Gərgər kənd sakini: Kəndimizə qazın çəkilişini çoxdan gözləyirdik. Bu gün Gərgər kəndin yüksək səviyyədə qaz çəkilişi davam etdirilir. Ümidvarıq ki, qaz çəkilişi rayonumuzun bütün kəndlərində aparılacaq və sakinlərin sevincinə səbəb olacaq.
Gədəbəyin 109 kəndindən 71-də qazlaşma yekunlaşıb.
- Baxış: 550