Goranboyda uzun illlərdir fəaliyyət göstərən məktəblərdən biri də Boluslu kəndində yerləşir. Tarixi 50 ildən çox olan məktəb binasının əsaslı şəkildə təmirə ehtiyacı var. Binada ayrı-ayrı vaxtlarda müəyyən bərpa işləri aparılsa da, bu müasir tələblərə cavab verəcək hal almayıb.
Goranboy rayonunun Boluslu kənd orta məktəbi qonşu kəndlərdə yaşayanların da təhsil ocağıdır. Düzdür keyfiyyətli tədris üçün bina dövrün tələblərə cavab vermir. Məktəbin ürəkaçan olmayan vəziyyətində kənd sakinləri də narahatdır.
Hökumə Qarayeva sakin: Mən də istəyərəm ki, mənim uşağım yaxşı infrastruktura malik məktəbdə təhsil alsın. Məktəbimiz göz qabağındadır. Qəzalı vəziyyətdədir. İstərdim ki, tək mənim övladım yox, bütün kəndimizin uşaqları müasir tipli məktəblərdə təhsil alsınlar. Aidiyyatı qurumlardan da xahiş edirik ki, heç təmir də yox, kəndimizə yeni məktəb binası tikilsin. Çünki məktəb çox bərbad vəziyyətdədir.
Rafiq Quliyev sakin: Bu məktəb uzun illərin məktəbidir. Qəzalı vəziyyətdə olmağı hamımıza məlumdur. Biz də bir valideyn olaraq istərdik ki, övladlarımız gözəl məktəblərdə təhsil alsınlar. İstərdik ki, uzun illərin qəzalı məktəbi tarixə qovuşsun, gözəl, yaraşıqlı məktəb binasında uşaqlarımız təhsillərini davam etdirsinlər
200-dən artıq şagirdin təhsil aldığı tədris ocağının şəraitinin istənilən səviyyədə olmaması şagird valideynləri kimi pedaqoji heyətin də işinə təsir edir. Sinif otaqları daxili imkanlar hesabına qorunub saxlanılsa da, görünən odur ki, bu səylər kifayət etmir.
Sevda Qədimova direktor:Məktəbimizdə hal-hazırda 225 nəfər şagird təhsil alır. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə bağlı 38 nəfər pedaqoji heyət fəaliyyət göstərir. Gördüyünüz kimi məktəbimiz qəzalı vəziyyətdədir. Məktəbin qəzalı vəziyyətdə olması səbəbindən şagirdlərimiz iki növbəli qrafik əsasında təhsillərini davam etdirir. Bu da öz növbəsində şagirdlərimizə çətinlik törədir. Ümid edirik ki, məktəbimizlə bağlı zəruri tədbirlər görüləcək. Bu da həmçinin kənd sakinlərinin, şagirdlərimizin və müəllimlərimizin sevincinə səbəb olacaq.
Boluslu kənd məktəbi ilə bağlı nə kimi planların olmasını öyrənmək üçün yollandıq Rayon təhsil şöbəsinə. Lakin şöbə müdiri vəzifəsinə təyinat aparılmadığı əsas gətirilərək müraciətimizi cavablandıracaq şəxs tapılmadı.
Valeh Anaroğlu
- Baxış: 390