• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 13.06.2020 11:56

Göygöldə yol infrastruktoru yenilənir

KepezTV Player

Göygöl rayonunda avtomobil yolları yenidən qurulur. Ümumi uzunluğu 19 km-ə yaxın olan yollar kəndlərlə əlaqəni yaxşılaşdırmaqla sakinlərin vaxtını və xərcini də azaldacaq.

Göygöldə yol infrastrukturu 3 istiqamət üzrə yenilənir. Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 3-5-ci kilometrlik hissəsi, yerli əhəmiyyətli 5,6 kilometrlik Üçtəpə-Firuzabad və 9,7 kilometrlik Aşıqlı-Keşkü-Üçbulaq avtomobil yolları gediş-gəliş üçün yaxşılaşdırılır. Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan Üçtəpə kəndi ilə Firuzabad kəndinə rahat hərəkəti təmin edəcək 1,6 kilometrlik yolda yeni geridönmə hissəsinin yaradılması da nəzərdə tutulub.

Anar Nəcəfli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi: Analoji işlərin layihənin 5.6 km-lik Üçtəpə-Firuzabad hissəsində də aparılması üçün hazırlıq işləri görülür. Belə ki, avtomobil yolu uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş asfalt-beton örtüyündə çatlar və çökmələr əmələ gəlmişdir. Səki daşları sınmış və çökərək istismara yararsız hala düşmüşdür. Bundan başqa yolun çiyin hissələrindən 9 metr uzunluğunda beton kanal keçir ki, sözügedən hissədə təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir.

Gediş-gəlişin yaxşılaşdırılması üçün Aşıqlı-Keşkü-Üçbulaq kəndlərini birləşdirən yol da yenidən qurulur. Çınqıl örtükdən ibarət olan avtomobil yolunun bu hissəsində 2 laydan ibarət örtük salınır.

Nofil Abdullayev Aşıqlı kənd sakini: Sovet dövründə bu yol varıydı. Amma bərdab hala düşmüşdü. Təmiz asfalt dağılmışdı. İndi rahatlıqdı. Gediş-gəliş rahatlaşıb. Çətinlik çəkirdik. Yağış, qar yağanda yerimək olmurdu. İndi məhsullarımızı rahat aparıb sata bilirik. Uşaqlar məktəbə asan gedib-gəlir. Çox əziyyət çəkirdik.

Ələmdar Ağalarov Aşıqlı kənd sakini: Rayona 20 dəqiqəlik yolu yarım saat gedib-gəlirdik. Amma indi sağ olsunlar asfalt çəkdilər. Çox rahat gedib-gəlirik.

Yenidən qurulan yolların əksər bölümündə işlər yekunlaşıb. Yaxın vaxtlarda yolların tam olaraq sakinlərin istifadəsinə veriləcəyi gözlənilir.

Yol infrastruktorunun yenilənməsi Göygöldə təkcə gediş-gəlişi asanlaşdırmayacaq. Həmçinin füsunkar təbiəti olan ərazidə turizmin inkişafına təkan verəcək.