Dövlət İmtahan Mərkəzi 1 mart 2020-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak etmiş şagirdlərə müraciət edib. DİM-dən verilən məlumata görə, imtahanda iştirak edən şagirdlərin hər fənn üzrə topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər bir şagirdin imtahan nəticələri səhifəsinə yerləşdirilib. Yeni şkalaya uyğun yekun ballar şagirdlərin attestatına yazılacaq. İmtahan nəticələri ilə DİM-in saytından tanış olmaq olar. Nəticələrin 100 ballıq şkalaya uyğunluğu 2018 və 2019-cu illərdə keçirilən imtahanlarda 9-cu sinif şagirdlərinin 1-ci mərhələdə topladıqları ballarla 2-ci mərhələdə topladıqları ballar arasındakı statistik əlaqənin araşdırılmasının nəticələrinə əsasən müəyyən olunub. Qiymətindən narazı olanlar üçün sentyabr ayında imtahan keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyən şagirdlər təhsil müəssisələri fəaliyyətini bərpa etdikdən sonra ora müraciət etməlidirlər.
- Baxış: 246