Paytaxtın Nərimanov rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən protez saçların qoyulduğu salon aşkar edilib. Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı Aşıq Molla Cümə küçəsində yerləşən, paytaxt sakini Ağa Məmmədova məxsus obyektin qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi, işçiləri və bir müştəri Polis Şöbəsinə gətiriliblər. Protez saç mərkəzinin rəhbəri Ağa Məmmədovun üzərinə baxış zamanı ondan jurnalist vəsiqəsi aşkar edilib. O, əvvəlcə bu vəsiqədən istifadə edərək məsuliyyətdən yayınmağa çalışsa da, sonradan karantin qaydalarını pozduğunu etiraf edib. Obyekt sahibi və digər 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onlar inzibati qaydada 200 manat məbləğində cərimə ediliblər.
- Baxış: 752