Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qoşulma qaydalarını açıqlayıb. Nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib ki, müsahibədə iştirak etmək üçün heç bir proqramda qeydiyyata ehtiyac yoxdur: "Bunun ən sadə yolu komputer vasitəsilə qoşulmaqdır. Bu halda müəllim hər hansı proqram yükləmir. İştirakını təsdiq etmiş müəllimlərin maili-nə bir link göndəriciləcək və həmin linkə daxil olaraq onlayn müsahibəyə qoşulacaqlar”. Digər variant isə telefon vasitəsilə onlayn müsahibəyə qoşulmaqdır: “Bunun üçün isə “Microsoft Team” mobil tətbiqini telefona yükləmək kifayətdir. Heç bir qeydiyyata ehtiyac yoxdur. Müəllimlər yenə eyni qayda ilə göndərilən linkə daxil olaraq müsahibəyə qoşula biləcəklər”. Müəllimlər dünən gecə saatlarından onlayn müsahibədə iştirakları barədə təsdiq mesajını göndərə bilirlər. Bu proses mayın 1-nə kimi davam edəcək. Hazırda ölkə üzrə müddətli müqavilə əsasında çalışan 1400 müəllim bu müsahibələrdə iştirak edə bilər. Müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibədən keçməyən namizədlərin əmək müqaviləsinə tədris ilinin sonunda xitam veriləcək.
- Baxış: 267