• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1718
— 29.04.2020 11:51

Prezident İlham Əliyevlə AYİB-in prezidenti arasında videokonfrans keçirilib

KepezTV Player

"Azərbaycana bu virus qonşuluqdan gəldi, bunun qarşısını almaq üçün biz müvafiq addımlar atdıq və qonşu dövlətlərlə razılıq və birgə qərar əsasında sərhədlərimizi bağladıq. Hesab edirəm ki, biz bu qərarı vaxtında və digər ölkələrin bənzər qərarlarından tez verdik və beləliklə, zaman udmuş olduq". Bunu Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin təşəbbüsü ilə keçirilən videokonfransda deyib. Dövlət başçısı koronavirusun iqtisadiyyata mənfi təsirlərindən və bir sıra başqa məsələlərdən də danışıb. Suma Çakrabarti isə bu böhrandan ən qısa zamanda çıxmaq üçün Azərbaycana verilə biləcək dəstəyi açıqlayıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır. Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, koronavirusa görə Azərbaycanda 18 laboratoriya yaradılıb. Virusa yoluxmuş pasiyentlər 22 dövlət xəstəxanasında, o cümlədən yeni istifadəyə verilmiş 575 çarpayılıq müasir xəstəxanada müalicə olunurlar. Hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşımız var və bu rəqəm aşağı düşməkdədir. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir. Onlar 4-5 ulduzlu mehmanxanalarda yerləşdirilib və yüksək standartlara cavab verən şəraitlə təmin ediliblər. Vaxtaşırı sərtləşdirilən məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olub və artıq iki həftədir ki, sağalanların sayı yoluxanların sayından artıqdır. Ölüm faizinin nisbətən aşağı olması onu göstərir ki, işlər müsbət istiqamətdə aparılır. Koronavirusun iqtisadiyyata təsirinə gəlincə, dövlət başçısı vurğulayıb ki, əlbəttə, təsir mənfi olacaq. İlin əvvəlində müsbət perspektivlərimiz var idi. Hələ də ilin ilk rübünə nəzərə salsaq, artım 1 faizdir, qeyri-neft sektorunda artım 3 faiz təşkil edir, qeyri-enerji sahəsində artım isə 23 faizdir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilmişdir. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib. Təbii ki, bu, bizim üçün böyük xərcdir. Vergi güzəştləri də nəzərə alınsa, bu gün bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Bu, bizim büdcəmiz üçün böyük yükdür, çünki neftin qiymətinin kəskin azalması bizim valyuta ehtiyatlarımıza mənfi təsir göstərəcəkdir. Ancaq bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür.

Azərbaycanda qəbul edilən qərarların və görülmüş tədbirlərin həcminin onda dərin təəssürat yaratdığını deyən AYİB prezidenti Suma Çakrabarti ölkədə yoxsulluğun rekord dərəcədə aşağı salınmasına nail olunduğunu qeyd edərək bunun dünyada ən yüksək templərdən biri olduğunu vurğulayıb. Əlavə edib ki, Azərbaycan dünyada ilin ilk rübündə iqtisadi artıma nail olmuş azsaylı ölkələrdəndir, bəlkə də yeganə ölkədir.

Suma Çakrabarti - Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti: Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini nəzərə alaraq, böhran vaxtı qeyri-neft sektorunun xüsusilə yaxşı göstəriciləri də qeyd olunmalıdır. Çox gözəl bir hekayədir və gün gələcək Azərbaycanla müqayisə aparılacaq. Gələn il bizim illik iclasımız olacaq və növbəti 2-3 il ərzində biz ölkələr üzrə dəyərləndirmə aparacağıq. Azərbaycan burada artıq öndədir. İstərdim qısaca olaraq planlarımız haqqında məlumat verim. ... Ötən illərlə müqayisədə keçən il Azərbaycana sərmayə həcmimiz aşağı səviyyədə olub, çünki biz neft-qaz sahəsinə yatırım etmədik və diqqəti orta və kiçik sahibkarlıq sahəsinə yönəltdik. Bu il isə, düşünürəm ki, yenidən Azərbaycana böyük sərmayə yatıracağıq və bu, böhrana cavab tədbirləri və iqtisadiyyatın canlandırılması baxımından düzgün olardı. Biz münbit şərait olduqda bu il Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırırıq.

150 milyon dollarlıq yaşıl zərflə bağlı danışan Suma Çakrabarti layihəni işə salmaq istədiklərini deyib. Azərbaycanın yaşıl şəhər təşəbbüsünə qoşulan ilk ölkələrdən olduğunu vurğulayaraq tullantıların idarə edilməsi layihəsi baxımından Gəncənin bu çərçivə təşəbbüsünə mart ayında qoşulduğunu diqqətə çatdırıb. Bunun ilk yaşıl şəhər layihəsi olmasını təklif edib. Prezident İlham Əliyev isə deyib ki, Azərbaycan yaşıl proqrama çox ciddi yanaşır.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Mənə məlumat verildi ki, hazırda bizdə 9 layihə var. Gəncədə tullantıların idarə edilməsi layihəsinə artıq yaşıl işıq yandırılıb. “Gəncə - Yaşıl Şəhər”, fikrimcə, Azərbaycanın digər böyük şəhərləri üçün yaxşı nümunə ola bilər. Bərpa olunan enerjiyə gəldikdə, biz buna çox həvəslə yanaşırıq. Bu, indi də belədir. Yanvarda biz bərpa olunan enerji sahəsində iki təcrübəli şirkətlə 440 meqavatlıq günəş və külək enerjisi stansiyalarının tikintisi ilə əlaqədar ilkin sənədləri imzaladıq. Bildiyim qədər, Avropa Yenidənqurma və İnkişaf Bankı onlara dəstək verməyi planlaşdırır. Çox vacibdir ki, bu koronavirus həmin şirkətlərin planına müdaxilə etməsin. Bir neçə gün öncə Energetika nazirimiz mənə məlumat verdi ki, onlar öhdəliklərinə ciddi yanaşırlar. Bu, əlbəttə ki, digər böyük şirkətlər üçün də geniş qapıları açacaq. Yəqin bilirsiniz ki, tender prosesində iştirak edən 7 əsas enerji şirkəti var idi. Bu dəfə keçməyən şirkətlərə gəldikdə, biz onlara ayrıca olaraq növbəti danışıqların aparılması təklifi ilə müraciət etmişik.

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın perspektivi ətrafında fikir mübadiləsi aparılıb. Videokonfrans zamanı Bank rəhbərliyi bir daha Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib, pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların qarşısının alınması üçün ölkəmizdə görülən səmərəli işlərin böyük əhəmiyyət daşıdığı vurğulayıb. Qeyd olunub ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla gələcəkdə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.