• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1508
— 26.04.2020 20:34

Karantindən sonra boşanmaların sayı arta bilərmi?

KepezTV Player

Koronovirusun ortaya çıxdığı Çində aylarla davam edən karantinin ən surpriz nəticəsi boşanma hallarının artması oldu. Qadağanın bitməsi ilə, minlərlə cütlüyün ilk getdiyi ünvan məhkəmə idi. Azərbaycanda da bir çox ailələr virus səbəbilə evdə qalır, sosial izolyasiyaya əməl edir. Sual budur. Rejim bitdikdən sonra eynisi bizim də başımıza gələrmi? Ümumiyyətlə, birlikdə daha çox zaman keçirmək hansı ailələrə mənfi təsir göstərir?

Günel Paşayeva psixoloq: Mənfi təsir göstərir o halda ki, ailə münasibətlərində öncədən gərginlik yaşanırdı. Və indiki bu izolyasiya dönəmi həmin problemlərin daha da böyüməsinə imkan yaradır. Əvvəllər insanlar bir-birinə az qayğı göstərirdilərsə, bunu işin çoxluğu ilə əlaqələndirirdilər, yəni səbəb var idi. Amma hazırki dövrdə insanlar bir otaqda, evdə olduqları halda bir-birlərinə qayğı göstərmədiyi üçün digər şəxs deyir ki, aha insanın xarakteri, tipi belə imiş..

Psixoloqların fikrincə, hansısa problemi ictimailəşdirmədən həll yolunu tapanlar, məsələdən ən zərərsiz şəkildə çıxır. Kənar müdaxilələr əksər situasiyanı qəlizləşdirdiyi kimi, ailə münasibətlərinə də mənfi təsir göstərir. Sevindirici haldır ki, bir çox Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda ailə dəyərləri yüksək tutulur və boşanma barədə çox nadir hallarda düşünülür.

Çətin dönəmdə konfiliktlərin çoxalması hər nə qədər normal sayılsa da, səbrli olub, qarşı tərəfi dinləmək lazımdır. Bu ərəfədə övlad üstə düşən mübahisələr daha çox aktualdır. Elə bu səbəbdən dolayı, övlad sahibi olan ailələr xüsusi diqqətli olmalıdır.

Günel Paşayeva psixoloq: Müxtəlif stolüstü oyunlar, şahmat oynaya bilərlər. Ödənişsiz ol\nlayn dərslərdə iştirak edə bilərlər. Və eyni zamanda uşaqların müəyyən bacarıqlarını inkişaf etdirmək olar. Ən azından dinləmək qabiliyyətimiz olsa, bir çox problemin öhdəsindən gələ bilərik.

Qarşılıqlı hörmət ailədaxili münasibətləri arzuolunan səviyyədə saxlayan ən təməl amildir. İstər sosial izolyasiya dövründə, istərsə də karantindən sonra... Bu nüansı hər zaman diqqətdə saxlayanlar daha az problem yaşayır, sözün həqiqi mənasında uğurlu ailə sahibi olurlar.