• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1006
— 22.04.2020 19:30

Virciniyada yaşayan gəncəli xanım koronavirusdan danışdı

KepezTV Player

ABŞ dünyada koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələr arasında ilk sıralarda gedir. Okeanın o tayında yerləşən supergüc dövlət bu infeksiyanın qarşısında aciz qalıb. Son məlumatlara görə, ölkədə 820,600 nəfər virusa yoluxub, 45,967 nəfər isə xəstəlikdən vəfat edib. Birləşmiş Ştatlarda karantin dövründə xəstəliklə mübarizə aparan yerli vətəndaşlarla yanaşı, digər ölkələrdən, eləcə də Azərbaycandan olan kifayət qədər insan var. Gəncədən də bu ölkənin müxtəlif ərazilərində yaşayanlar az deyil. ABŞ-dakı vəziyyətlə bağlı Nizami yurdundan olan Sevinc Məmmədova televiziyamıza müsahibə verib.

Corc Vaşinqton Universitetində proqram direktoru vəzifəsində çalışan Sevinc Məmmədova artıq 10 ildir okeanın o tayında yaşayır. Ailəsi ilə birgə Virciniya ştatında məskunlaşan gəncəli xanım bütün dünyadakı insanlar kimi hökumətin göstərişinə əməl edərək evində qalmaqla koronavirusdan qorunur. Amerikada pik həddə çatan infeksiya haqqında fikirlərini bölüşən Sevinc Məmmədova karantin rejiminə necə əməl etmələrindən danışıb.

Vaxtının çox hissəsini evdə ailəsi ilə birlikdə keçirən Sevinc xanım bir çox fəaliyyət sahəsinin qapalı rejimdə çalışdığını söyləyib. Ancaq bununla bərabər bütün sektorlar onlayn formada işlərini davam etdirir.

Virciniya ştatının Venna şəhərində yaşayan Sevinc Məmmədova digər yerlərlə müqayisədə qaldıqları ərazidə koronavirusa yoluxma sayının az qeydə alındığını və hər şeyin nəzarət altında olduğunu bildirib.

ABŞ koronavirusdan ölüm sayına görə dünyada birinci yerdə durur. Ölkədə 45000 mindən çox insan bu xəstəlik səbəbindən vəfat edib. Bu günədək isə Birləşmiş Ştatlarda 800000-dən artıq şəxs COVİD-19-a yoluxub ki, onlardan 83000-i infeksiyaya qalib gəlib.