Sıradakı xəbərimiz yollarda baş verən xoşagəlməz hadisələr barədədir. Müxtəlif ərazilərdə yol qəzaları olub. Olaylar ağır nəticələnib.
Kürdəmir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Ağsu-İmişli-Kürdəmir avtomobil yolunun 25-ci km-də, Təklə kəndində "Ford" və "VAZ-2107" markalı avtomobillər toqquşub. "VAZ"ın sürücüsü, Qarasaqqal kənd sakini Rəsulov Lazım Mövlam oğlu hadisə yerində dünyasını dəyişib. Qəza zamanı daha iki nəfər - Kürdəmir sakinləri - "Ford"un 25 yaşlı sürücüsü Qədirov Niyaməddin Rəfael oğlu və 46 yaşlı İmanov Əfqan Ədalət oğlu xəsarət alıb. Yaralılar RMX-ya yerləşdiriliblər. Bundan başqa, Kürdəmirin Karrar kəndində "Toyota" markalı avtomaşın Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə dəyərək aşıb. Hadisə zamanı sürücü və sərnişin - Bakı sakinləri, 59 yaşlı Allahverdiyev Xəqani Vedi oğlu və 55 yaşlı Allahverdiyeva Kifayət Tağı qızı xəsarət alıblar. Yaralılar dərhal Kürdəmir RMX-nın Travmatologiya şöbəsinə çatdırılıb. Hacıqabul-Horadiz yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində də qəza qeydə alınıb. "Qazel" markalı yük maşını ilə "VAZ-2109" markalı minik maşını toqquşub. Nəticədə "VAZ"-ın sürücüsü dünyasını dəyişib.Tovuzun Qovlar şəhəri ərazisində yolu otardığı heyvanlarla birgə qarşı tərəfə keçmək istəyən 10 yaşlı Aydınov Pərviz Namiq oğlunu avtomobil vurub. Ağır xəsarət alan piyada öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardım göstərildikdən sonra, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Hacıqabulun Hacı Zeynalabdin Tağıyev küçəsində Elsəvər Əmiraslanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Hüseynağa Əzizovun sükanı arxasında olduğu "Mersedes" markalı maşın toqquşub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 574