Mercedes-Benz şirkəti tamamilə təhlükəsiz avtomobil nümayiş etdirib. Onun adı Eksperimental Təhlükəsizlik Vasitəsi kimi tərcümə olunan sözlərin baş hərflərindən ibarətdir: ESF (Experimental Safety Vehicle). GLE krossoverinin bazasında yığılan konsept hibrid güc sisteminə və avtopilota malikdir. Prototipin hazırlanmasına hələlik heç bir seriyalı maşında rast gəlinməyən ən son təhlükəsizlik texnologiyalarından istifadə olunub. Krossoverin 2 milyon piksel ölçülü Digital Light işıq diodlu faraları, uşağın fiziki göstəricilərinə nəzarət edən oturacağı və yol qəza hadisəsi baş verdiyi an qəzanı qeyd edən robotu var. Salonun arxitekturasının dəyişməsi təhlükəsizlik yastıqlarının da yerdəyişməsinə gətirib çıxarıb. Avtopilot rejimində sükan yoxa çıxdığından sürücünün təhlükəsizlik yastığı alətlər panelində bərkidilib, yan yastıqlar isə oturacağın arxasındadır və qəza zamanı sərnişini tamamilə ağuşuna alır. Arxa yastıq boru strukturuna sahibdir. Yüksək sürət zamanı təhlükəsizlik kəmərləri içəridəkiləri qorumaqla yanaşı onların rahatlığını təmin edir. Konseptin aktiv təhlükəsizlik siyahısına piyada və velosipedlə toqquşmadan qoruyan 360 dərəcəlik sistem daxil edilib. Onun avtomatik tormozu ilə xoşagəlməz vəziyyətin qarşısını almaq olar. GLE yol hərəkətinin digər iştirakçılarını xüsusi işıqlanma ilə təhlükə barədə xəbərdarlıq etmək imkanındadır.
- Baxış: 492