• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1849
— 13.05.2019 12:13

İki avtomobil toqquşdu: 1 ölü, 4 yaralı

KepezTV Player

Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin Natavan və Əli Kərim küçələrinin kəsişməsində "Mercedes" və "Toyota" markalı minik avtomobilləri toqquşub. Nəticədə rayonun Müskürlü kənd sakini, 36 yaşlı Vüsal Qurbanov, Göyçay şəhər sakinləri - 27 yaşlı Məmməd​ Kərimli, 32 yaşlı Pərviz​ Azadov, 34 yaşlı Nofəl Rüstəmov, Potu kənd sakini, 28 yaşlı Simran Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Vüsal Qurbanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Tovuzda da ağır avtomobil qəzası qeydə alınıb. Şəhər mərkəzində, avtovağzalın yaxınlığında "VAZ-21099" markalı maşın idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı, rayon sakinləri – 34 yaşlı Mirzə Yunanov, həmyaşıdı və qonşusu Samir Musayev ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Musayevin həyatını xilas etmək mümkün olmayıb.

Goranboyun Səfikürd kəndi ərazisində də ölümlə nəticələnən qəza qeydə alınıb. "VAZ 2115" markalı minik maşını ilə "Howo" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində VAZ-ın sürücüsü, Aşağı Ağcakənd kənd sakini 50 yaşlı Rauf Əliyev ağır xəsarətlər alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Zaqatalada sərnişindaşıyan mikroavtobus qəzaya düşüb. Yevlax-Zaqatala-Gürcüstanla sərhəd magistral yolunun rayonun Əliabad kəndi ərazisindən keçən hissəsində Zaqatala-Əliabad marşrutu üzrə sərnişin daşıyan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə 5-i yüngül olmaqla 6 sərnişin müxtəlif bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əliabad qəsəbə sakinləri - 31 yaşlı Həsən Həsənov, 36 yaşlı Arzu Şabanova, 34 yaşlı Nailə Muxtarova, 8 yaşlı İslam Musayev və 20 yaşlı Elnurə Qədimova ilkin tibbi yardımdan sonra evə buraxılıblar. 18 yaşlı Aylin Balayevanın müalicəsi isə sol bud sümüyünün sınığı diaqnozu ilə Travmotologiya şöbəsində davam etdirilir.

Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb. Hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində baş verib. 20 yaşlı Taleh Atakişiyevə məxsus “VAZ- 2109” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı dərəyə aşıb. Qəza zamanı sürücü, avtomobildə olan Quba şəhər sakini, 20 yaşlı Tural Əliyev və 22 yaşlı Orxan Bədəlov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Kürdəmirdə yüklə dolu "SHAQMAN" aşıb. Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmirin Sor-Sor kəndindən keçən hissəsində baş verib. Sürücü qəfildən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Sürücü xəsarət almasa da, nəqliyyat vasitəsinə xeyli ziyan dəyib, yük avtomobilində olan qum yolun kənarına səpələnib. Qəzalarla bağlı araşdırmalara başlanılıb.