Şəkidə bina evində partlayış olub, xəsarət alan var. Bağbanlar küçəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində 79 yaşlı Tofiq Hüseynova məxsus, ümumi sahəsi 38 kv/m olan birotaqlı mənzildə qaz sızması nəticəsində partlayış baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun genişlənməsinin qarşısı dərhal alınıb. Ancaq mənzilin 28 kv/m-lik sahəsinin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Partlayışın şiddətindən evdə çatlar əmələ gəlib. Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan Tofiq Hüseynov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərərçəkənə başın, boyunun, kürəklərin və hər iki yuxarı ətrafların 2-ci, 3-cü dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 572