101 məcburi köçkün ailəsinin yaşadığı binada yanğın səhər saatlarında baş verib. Hadisə zamanı köməksiz qalan 2 nəfəri fövqəladə hallar nazirliyinin əməkdaşları xilas ediblər. 1 nəfər isə özünü 3-cü mərtəbənin pəncərəsindən atıb. 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən şəxsin vəziyyəti qənatəbəxşdir. Səhiyyə nazirliyinin açıqlamasına görə, 3-ü qadın, 3-ü kişi, 1-i uşaq olmaqla ümumilikdə 7 nəfərə tibbi yardım göstərilib.
Hadisə yerinə baş nazirin müavini Əli Əhmədov və Qaçqın və Məcburi Köçkülərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev baş çəkdi. Yanan bina ilə tanış olan baş nazirinin müavini evləri yararsız hala düşən 23 ailənin əvvəlcə müvəqqəti mənzillərə yerləşdiriləcəklərini, daha sonra Qobu qəsəbəsində yeni evlərlə təmin olunacaqlarını bildirdi.
Son bir ayda ikinci belə bir faktın qeydə alındığını deyən Qacqın və məcburi köçkülərin işləri üzrə dövlət komitəsinin sədri Rövşən Rzayev sakinlərin köçürülməsi məsələsinə də aydınlıq gətirdi.
Rövşən Rzayev Nərimanov rayonunda martın 6-da baş verən yanğınla bağlı aparılan araşdırmaların nəticələrini də açıqladı. Ekspertiza rəyinə əsasən, iki nəfərin həyatını itirdiyi həmin yanğının bilərəkdən törədildiyi müəyyənləşib.
- Baxış: 623