Azərbaycanda məcburi köçkünlər üçün yeni qəsəbələr salınacaq. Yeni mənzillərlə ilk növbədə qəzalı binalarda, yarımçıq tikililərdə, çətin şəraitdə yaşayan ailələr təmin ediləcək. 3700 məcburi köçkün ailəsinin həyat şəraitinin yaxşılaşdırılmasına hesablanan layihə Gəncə, Goranboy və Şəmkiri də əhatə edəcək. Belə ki, Gəncədə məcburi köçkünlər üçün salınan 1500 ailəlik qəsəbənin yaxınlığında 1500 ailənin yaşayacağı daha bir qəsəbə inşa ediləcək. Goranboyda da mövcud qəsəbənin yaxınlığında 600 ailəlik yeni yaşayış massivi salınacaq. Şəmkir ərazisində məskunlaşan məcburi köçkün ailələri üçün yeni qəsəbənin salınması ilə bu kateqoriyadan olan insanların mənzil-məişət problemlərinin həllinə nail olunacaq. Layihəyə uyğun olaraq yeni salınacaq qəsəbələrdə lazımi infrastruktur yaradılacaq, inzibati binalar, məktəblər, uşaq bağçaları, mədəniyyət evləri, səhiyyə ocaqları, ictimai iaişə və istirahət zonaları salınacaq. Həmçinin məcburi köçkünlərin işlə təmin olunması da həyata keçiriləcək.
Sənan Hüseynov - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri: Yeni iş yerlərinin yaradılması üçün isə kiçik sexlərin yaradılması nəzərdə tutulur. Hazırda Kiçik və Orta Sahibkarlığa yardım fondunun xətti ilə layihələrin icrası ilə bağlı məcburi köçkünlərə üstünlük verilir. Ondan əlavə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə keçirilən layihələrdə də köçkünlərə daha çox üstünlük verilir. O cümlədən komitə tərəfindən də bir neçə layihələr nəzərdə tutulub ki, bunlar da il ərzində onlarda həyata keçiriləcəkdir.
Elnur Vahidoğlu
- Baxış: 1962