Samux rayonunda rayon rəhbərliyinin təhsil işçilərinin və valideynlərin iştirakı ilə məktəblilərin təntənəli qarşılanma mərasimi keçirilib. Məktəblilər ekskursiya təsüratlarından danışıb. Şagirdlər 4 gün ərzində rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan bu tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında geniş bilgilər verilib. Şagirdlərin iştirakı ilə intellektual oyunlar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub. Ekskursiya zamanı gözəl təbiət qoynunda istirahət edən, mənzərəli guşələrdə xatirə şəkilləri çəkdirən məktəblilər Qəbələ, Şəki və Zaqataladan xoş təəssüratlarla gəliblər.
Nərmin Binnətova - tur-aksiya iştirakçısı: Biz Şəki-Zaqatala-Qəbələ rayonlarında olduq. Şəki xan sarayı bizim diqqətimzi çəkdi. Zaqatalada istehsal müəssisələrində olduq. Qəbələdə isə çox gözəl qarşılanma oldu.
Mahmud Qurbanov - tur-aksiya iştirakçısı: Bizim gəzdiyimiz üç rayon çox maraqlı oldu. Şəkidə xan sarayını gördük. Biz burada heç vaxt olmamışdıq. Məndə çox xoş təsüratlar yaratdı.
Göygöl məktəbliləri də ekskursiyanı yekunlaşdırıblar. Şagirdlər müasir turizm infrastrukturuna malik olan Qəbələdə “Tufandağ” Kompleksinə, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkiblər. Zəngin Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki xanlarının sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi, Heydər Əliyev Mərkəzi və Bayraq Muzeyi, tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadıb.
Seminar Şahverdiyev - tur-aksiya iştirakçısı: Getdiyimiz bölgələr Şəki Qəbələ Zaqatala rayonları oldu. Bu rayonlar haqqında biz bir çox kitablarda oxumuşduq. Ancaq bununla yanaşı biz canlı görəndə daha bizi heyran etdi və çox xoşumuza gəldi.
Xeyransa Murtuzayeva - tur-aksiya iştirakçısı: Azərbaycanımızın ən nadir güşələrindən olan Zaqatala-Qəbələ-Şəki ərazisində ölkəmizi tanıdıq. Bu bizim üçün çox yaxşı fürsət oldu ki biz öz ölkəmizi daha yaxından tanıdıq və dərin məlumatlar əldə etdik.
Məktəbliləri gülçülük, tütünçülük və fındıqçılıqla məşhur olan Zaqatalada da maraqlı ekskursiya ediblər. Qədim və müasir Zaqatala haqqında məlumatlar da tur-aksiya iştirakçılarının böyük marağına səbəb olub.
- Baxış: 436