Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verən yanğın nəticəsində 2 nəfər dünyasını dəyişib. Hadisə İncəsənət Universitetinin balansında olan, hal-hazırda Ağdam rayon məcburi köçkünlərinin yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınıb. 77 yaşlı Səriyə Hacıyevaya məxsus, ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi dəhlizə yığılan ev əşyaları 5 m² sahədə, 1 ədəd plastik pəncərə çərçivəsi və 50 p.m elektrik kabelləri yanıb. Yanğınsöndürənlər alovu ram edərək binanın qalan hissəsini yanğından mühafizə ediblər. Hadisə zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 66 yaşlı Eliza Əliyeva və həyat yoldaşı 68 yaşlı Surxay Əliyev tüstüdən zəhərlənərək ölüblər. Tüstüdən zəhərlənənlər yanğınsöndürənlər tərəfindən çıxarılaraq Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadalarına təhvil verilib, daha 42 nəfər bina sakini təxliyə olunub. Səhiyyə Nazirliyinin məlumatına görə, təcili tibbi yardıma 22 nəfər müraciət edib. Onların 18-nə hadisə yerində tibbi yardım göstərilib. Müraciət edənlərin 14-ü Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Onların 5-i xəstəxanaya yerləşdirilib. Digərlərinə isə lazımi tibbi yardım göstərilib və evə buraxılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
- Baxış: 544