• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 871
— 06.03.2019 11:58

Qeyri-adi əl işləri

KepezTV Player

8 mart Beynəlxalq Qadınlar Gününə artıq cəmi 2 gün qalıb. Məlumdur ki, bu ərəfədə əks cinsin nümayəndələrini hansı hədiyyəni alsam daha yaxşı olar? sualı düşündürür. Bizim sizə bir təklifimiz var. Belə ki, seçimləriniz arasına növbəti süjetimizin qəhrəmanının əl işlərini də əlavə edə bilərsiz. Əminliklə söyləyə bilərik ki, taxtadan hazırlanan keyfiyyətli, qeyri-adi əl işləri əksər xanımın zövqünü oxşayacaq...

62 yaşlı Mahir Dəmirov nə az, nə çox düz 15 ildir ki, taxtadan qeyri-adi əl işləri hazırlayır. İlk dəfə xahiş əsasında yarımçaq qalan nərdi tamamlayan usta, nəticənin ürəkaçan olduğunu görüb, bu sənəti davam etdirmək qərarına gəlib. Onun ərsəyə gətirdiyi 100-dən çox əl işi arasında fərqli görünüşlü stollar, divanlar, nərdlər, qarderoblar, oturacaqlar, saatlar və televizor altlıqları xüsusi yer tutur. “Əgər həvəs, bacarıq varsa, bu sənətin heç də çətinliyi yoxdur” deyən usta, hazırladıqlarını bəzi hallarda hədiyyə etsə də, müəyyən məbləğ müqabilində satışını da həyata keçirir.

Mahir Dəmirov - usta: “İki divan, onların stolu, nərd stolu kreslolarıyla, saat, güzgü, televizor altlığı, nərd bunların hamısı il yarıma başa gəlib. Bunların dəstini minimum 30 minə satacam. Bu nəsildən nəsilə keçəcək bir şeydir. Nə xarab olmayacaq, nə də deformasiyaya uğramayacaq. Nə köhnəlməyəxək, nədə ki, qiyməti düşməyəcək. Artacaq ki, düşməyəcək”.

Qeyri-adi əl işlərinin həm dəyəri, həm də keyfiyyəti yüksəkdir. Xammal olaraq, daha çox qoz və palıd ağacından istifadə edən usta digərlərindən fərqli olaraq, sifariş qəbul etmir. Mahir Dəmirov öz zövqü əsasında, hər dəfə yeni ideyalar əlavə etməklə əl işlərinin üzərinə müxtəlif bəzəklər, ornamentlər əlavə edir. Özü də, zərgər dəqiqliyi ilə...

Mahir Dəmirov - usta: "Baxın bir dənə də olsun bu bəzəklərdən ikinci bir yerdə görmərsiniz. Bundan qəşənglərini görə bilərsiniz, amma bunu yox. Nə forma, nə bəzək heç birini heç bir yerdə görmərsiniz”.

Əl işlərinin üzərində öz əksini tapan bütün naxışlar, təsvirlər ustanın təxəyyülünün məhsuludur və özündə müəyyən məna kəsb edir.

Mahir Dəmirov - usta: “Baxın burda at çəkmişəm, at igidlik rəmzidir. Bura yerdir, gülüstan və bu da onun nüvəsidir. Bu cənnət quşudur. Yuxarıda isə günəş var, həyat verir hər şeyə. Aşağıda isə bataqlığın əksi və burda qotur çaqqalı çəkmişəm. Çaqqal həsədlə yuxarı baxır. Bu işimin belə bir mənası var”.

Mahir Dəmirov ailəsində bu sahənin incəliklərini öyrənməyə heç kimin maraq göstərməməsini təəssüf hissi ilə qeyd edir. Ustanın ən böyük arzusu gələcəkdə lazımi materiallar, dəzgahlarıla təmin olunan emalatxana açmaq, orada istedadlı gənclər yetişdirib, bu sənəti daha uzunömürlü etməkdir.