Elektron ticarətdə süni intellektdən istifadə ümumilikdə effektiv nəticələr verir. Bu barədə Gartner analitik şirkətinin internet ticarəti sahəsində fəaliyyət göstərən 300 şirkət arasında keçirdiyi qlobal sorğunun nəticələrində deyilir.
Sahə üzrə təşkilat və müəssisələrin 70 faizi bildirib ki, onların süni intellekt layihələri uğurlu olub. Respondentlərin 3/4 hissəsi müxtəlif bazar göstəricilərinin ikirəqəmli templərlə 10 faizdən çox artdığını qeyd edib. Məsələn, satışlar və müştəri məmnunluğu yaxşılaşıb, eləcə də xərclər azalıb. Tədqiqatçıların proqnozlarına görə, 2020-ci ilədək süni intellekt elektron kommersiya bazarı şirkətlərinin 60 faizində bu və ya digər şəkildə tətbiq ediləcək, bu biznesdə mədaxil artımının 30 faizi isə süni intellekt texnologiyalarının payına düşəcək.
İnternet ticarəti ilə məşğul olan şirkətlər süni intellekt həllərindən ilk növbədə müştərilərin üstünlükləri barədə məlumatların tərtib edilməsi, məhsulların paylanılması və fırıldaqçılıq hallarının aşkarlanması üçün istifadə edirlər.
Süni intellektin uğurlu istifadəsinə baxmayaraq, şirkətlər texnologiyanın tətbiqi zamanı ciddi problemlərlə üzləşirlər. Məsələn, rəyi soruşulanların 29 faizi bildirib ki, internet biznesinin sistemlərin keyfiyyətli təlimi üçün məlumatlara və şirkətdə müvafiq bacarıqlara ehtiyac var. Nəticədə texniki mütəxəssislər işə qəbul edilir və ya tərəfdaşlar cəlb olunur.
- Baxış: 393