Ölkədə elektron kadastr uçotu işlərinin aparılması ilə dəqiqləşmiş torpaq sahibliyi müəyyən ediləcək. Bununla bütün növ torpaq sahələrinin hüquqi sənədlərdəki ərazi göstəriciləri ilə faktiki istifadə olunan ərazi göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qalxacaq. Heç kəs sahib olduğu torpaqdan əlavə ərazini zəbt edə bilməyəcək, dövlət nəzarəti təkmilləşdirilmiş formada həyata keçiriləcək. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi nəticəsində reallaşacaq. Sistemə daxil olacaq növbəti rayon Goranboydur. Bununla əlaqədar rayonda işlərə start verilib. Bu sistemin təşkili ilə mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaqların sərhədləri, keyfiyyət və kəmiyyət göstəriciləri, həndəsi ölçüləri və digər məlumatlar elektron bazaya toplanır. Ümumilikdə 19 rayonda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb, 8 rayonda isə görülən işlərin nəticələri ilə bağlı təqdimatlar keçirilib və praktiki istifadəsinə başlanılıb.
- Baxış: 501