Abşeron rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib. Novxanı qəsəbəsində 44 yaşlı Rasim Cəfərov yolu keçərkən yüksək sürətlə hərəkətdə olan "Moskviç" markalı avtomobillə vurulub. Piyadanın aldığı xəsarətlər ağır olduğundan o, yerindəcə dünyasını dəyişib. Hadisə yerində olan yol polisi əməkdaşlarının apardıqları araşdırma zamanı "Moskviç"i idarə edən şəxsin sərxoş olduğu üzə çıxıb. Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qəbələdə də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.Hadisə Qəbələ şəhərinin 28 May küçəsində qeydə alınıb. Qəbələ şəhər sakini,Elçin Məmmədov "Hyundai Sonata" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil Azərpoçta məxsus Niva markalı maşınla toqqusub. Hadisə zamanı sürücü Elçin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Onun həyat yoldaşı Reyhan Məmmədova ağır bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, Elçin Məmmədov Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin əməkdaşıdır.
Qazax rayonunda qeydə alınan qəzada bir nəfər xəsarət alıb. Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazaxın Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub. Quliyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 1584