Şəmkirdə fərdi təsərrüfatda saxlanılan 150 başa yaxın qoyun tələf olub. Səbəb isə xırdabuynuzlu heyvanların saxlanıldığı tövlənin uçaraq dağılması olub.
Şəmkir rayonun Abbaslı kəndi ərazisində güclü yağışa dözməyən köhnə tövlə uçub. Həmin vaxt içəridə olan 300 qoyundan 137-i dağıntılar altında qalaraq tələf oldu. Təsərrüfat sahibi Arzu Məmmədovun sözlərinə görə sovet dönəmindən qalan köhnə tövlənin torpaq damı 2 gün əvvəl başlayan güclü yağıntı nəticəsində ağırlaşıb və tikili yükə tab gətirə bilməyib.
Arzu Məmmədov - təsərrüfat sahibi:“Qonşuların köməkliyi ilə biraz salamat çıxardıq. 137 başda tələf oldu. Təxminən 25 min manat ziyan dəyib təsərrüfata”
Hadisə baş verdikdən sonra heyvanları dağıntılar altından çıxarmaq üçün qohum və qonşular köməyə gəlib. Ərazidə Şəmkir rayon Baytarlıq İdarəsinin əməkdaşları proflaktik tədbirlər aparıb. Dağıntılar altında qalan heyvanlar çıxarılıb.
Məmməd Qasımov - Şəmkir rayon Baytarlıq İdarəsinin rəis əvəzi: “Həkimlərimiz və dezinfeksiya maşını ilə birlikdə gəlmişik. Uçqun olub 130 başa yaxın xırda buynuzlu altında qalıb məhv olubdur. Bir neçə heyvanda zədələnibdir. Hazırda zədəli heyvanlara baytar qulluğu gedir”
Ölən heyvanların xüsusi qazılmış çalalarda basdırılması və dezinfeksiya edilməsi işləri də baytarların nəzarəti altında aparılıb.
Xaliq Qurbanlı
- Baxış: 648