HMD Global şikəti Pekində Nokia X6 modelini təqdim edib. Sözügedən smartfon şirkətin Nokia seriyasında çərçivəsiz ekrana və ekranın yuxarı hissəsində kiçik çıxıntıya sahib ilk cihazdır. Nokia X6 19:9 nisbətli Full HD+ keyfiyyətli 5.8 düym ekranla təchiz olunub. Ekranın yuxarı hissəsindəki çıxıntı yerində danışıq üçün səsgücləndirici və f/2.0 diafraqmalı 16 MP-lik ön kamera yerləşdirilib. Smartfonun arxa paneli şüşə ilə örtülüb və orada ikili arxa kamera ilə barmaq izi skanı texnologiyası yerləşir. Texniki özəlliklərə gəldikdə isə Nokia X6 1.8 GHz tezlikdə çalışan 8 nüvəli Snapdragon 636 prosessoru, Adreno 509 qrafik sürətləndirici, 4/6 GB RAM, 32/64 GB daxili yaddaş, 16 MP + 5 MP ikili arxa kamera, 16 MP-lik ön kamera, Quick Charge 3.0 sürətli enerji yığma özəllikli 3060 mAh enerji tutumlu batareya, USB Type-C girişi və iki SIM kart girişinə malikdir. Nokia X6 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır və Android P-yə kimi yenilənəcək. Smartfonu artıq bu gündən etibarən Çində sifariş etmək olar. 4 GB RAM və 32 GB daxili yaddaşlı versiya 200$, 4 GB RAM və 64 GB daxili yaddaşlı versiya 235$, 6 GB RAM və 64 GB daxili yaddaşlı versiya isə 265$ qiymətinə satılacaq.
- Baxış: 617