İran İslam Respublikasından Azərbaycan ərazisinə daxil olan yük avtomobili Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən risk analizləri nəticəsində saxlanılıb və yoxlanılıb. Rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub. Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə - heroin aşkar edilib.
Balakən rayon Polis Şöbəsinin əməkdaşları Qaysa kəndində anadan olan, 47 yaşlı Məmməd Şamxalovun fərdi yaşayış evində əməliyyat tədbiri aparıblar. Narkobaron kimi tanınan və bu günə qədər məsuliyyətdən yayınmağı bacaran Şamxalovun evində 57 kiloqram qurudulmuş marixuana, 2147 ədəd çətənə toxumu, müxtəlif təyinatlı silahlar və narkotik vasitələrin istehsal etmək üçün avadanlıqla təchiz olunmuş laboratoriya aşkar edilib. Evin həyətyanı sahəsində isə kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən 135 ədəd çətənə bitkisinin kolları aşkar olunub. Narkotik vasitələr və silahlar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Sabunçu polisi Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Mehrac Zərbalıyev, Tural Quliyev və Gəncə şəhər sakini Ruhin Şabanovu saxlayıblar. Onlardan ümumilikdə 12 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1 ədəd bıçaq aşkar olunaraq götürülüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir. Saxlanılanların şəxsiyyətləri və kriminal keçmişə malik olmaları nəzərə alındığından onların digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
- Baxış: 1371