Yol qəzaları baş verdi. 6 nəfər yaralandı, 1 nəfərsə həyatını itirdi. Təbii ki, bütün detallar üzücüdür. Təsəlliverici bircə məqam var. O da, piyadavurma hadisələrində sürücülərin yaralı piyadalara qarşı daha həssas yanaşmasıdır. Bir çox hallarda müşahidə etdiyimizdən fərqli olaraq bu dəfə sükan sahibləri xəsarət almış şəxsləri köməksiz buraxıb qaçmayıblar, məsuliyyətdən yayınmayıblar. Onları xəstəxanaya çatdırıblar. Bəlkə də elə buna görədir ki, ölü sayı artmayıb.
Paytaxt ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Qaradağ rayonunda, dairəvi yolda qeydə alınıb. "Mercedes" markalı avtomobil 33 yaşlı Kamil Ağayevlə 30 yaşlı Nicat Vahabovu vurub. Sürücü hər iki yaralını taksi ilə xəstəxanaya çatdırıb. Həkimlərin səyinə baxmayaraq, Kamil Ağayevin həyatını xilas etmək mümkün olmayıb. Nicat Vahabovun müalicəsi isə davam etdirilir. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıblar.
Nizami rayonu Babək prospektində isə 27 yaşlı Xasay Məmmədzadəni piyadalar üçün müəyyən edilməmiş yoldan keçən zaman avtomobil vurub. "Mercedes" markalı nəqliyyat vasitəsinin sürücüsü Azad Yusubov yaralını xəstəxanaya çatdırıb. Polis onu saxlayıb.
Mingəçevir-Bəhrəmtəpə yolunun Yevlaxın Aran qəsəbəsindən keçən hissəsində isə “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə zamanı nəqliyyat vasitəsində 4 gənc olub. Müxtəlif bədən xəsarətləri alan Namiq Məmmədov, Vüsal Quliyev, Amin Hacıyev Mingəçevir, Zaur Kamrani isə Yevlax mərkəzi rayon xəstəxanasına çatdılıblar. Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Bütün faktlar araşdırılır.
- Baxış: 1125