Lənkəranda iki gün əvvəl baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Gərmətük kəndində "Shagman" markalı yük avtomobili ilə "Mitsubishi" markalı minik maşınının toqquşması nəticəsində yaralanan 7 yaşlı Ülvi Aslanovun həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı xəstəxanada ölüb. Ləj kənd sakinləri Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanova hadisə yerində həyatını itirmişdi. Yük maşınının sürücüsü, Lerik rayon sakini, 31 yaşlı Natiq Cəfərovun müalicəsi isə davam etdirilir. Füzulidə aşan maşının yanması nəticəsində 2 nəfər ölüb. "Qayıdış-5" qəsəbə sakini 16 yaşlı Yusif Dadaşzadə “Mercedes” markalı avtomobildə yüksək sürət səbəbindən idarəetməni itirib. Yol kənarına düşən maşında olan sürücü Yusif Dadaşzadə və sərnişini 16 yaşlı Rəşad Rüstəmov həyatını itirib. 16 yaşlı Nicat Quluzadə və 15 yaşlı Elçin Abdullayev isə yaralı halda Füzüli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Şamaxının Məlhəm kəndi ərazisində "VAZ 21014" markalı minik avtomobili idarəetmədən çıxıb və məlumat lövhəsinə çırpılıb. Hadisə nəticəsində ali məktəb tələbələri olan 22 yaşlı Elmar Quliyev, Famil Alışov, Tavat Şitayeva, Pakizə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Tavat Şitayeva koma vəziyyətindədir. Bakı-Qazax-Gürcüstan yolunun Qazax şəhərindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. VAZ" markalı avtomobillə "Mercedes"in toqquşması nəticəsində yaralanan 36 yaşlı Səbinə Məmmədova, 25 yaşlı Rəşad Quliyev, 36 yaşlı Ruslan Məmmədov xəstəxanaya yerləşdiriliblər. Goranboyda hərəkətdə olan motosikletin minik avtomobili ilə toqquşması xəsarətlə nəticələnib. Motosikletin sürücüsü, Kəpənəkçi kənd sakini 52 yaşlı Asif Abdullayev xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Qubanın Paşaoba kəndi ərazisində "Shacman" markalı yük maşını ilə minik maşınının toqquşması nəticəsində 2 nəfər yaralanıb. Minik avtomobilində 29 yaşlı Xalid Məmmədovla 3 yaşlı oğlu Bakıda yerləşən tibb müəssisələrindən birinə göndəriliblər. Bakının Nərimanov rayonunda 35 yaşlı Zaqatala sakini Pərviz Ömərovu taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı avtomobil vurub. Hadisə o, avtomobilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının binası qarşısında saxlayaraq yolun digər tərəfinə keçmək istədiyi zaman baş verib. Sürücü dərhal Ömərovu 1 saylı Kliniki Tibbi Mərkəzə aparıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.Sürücü saxlanılıb. Polis faktları araşdırır.
- Baxış: 1032