Piratçılıqla məşğul olan müəyyən şəxslər DİM-nin mətbuat orqanı olan "Abituriyent" jurnalı nəşrlərinin yüksək çap reytinqindən sui-istifadə edərək, onları qeyri-qanuni yolla çap etdirib ölkənin müxtəlif bölgələrində satışını təşkil ediblər. Gəncə Gömrük İdarəsinin əməkdaşları da "Caspi LTD" adı altında fəaliyyət göstərən MMC-lə "Hazar İhracat İthalat" arasında bağlanmış müqavilə əsasında həmin MMC-nin adına gətirilən, hüquqları "Abituriyent" jurnalı redaksiyasına məxsus olan 40 minə yaxın test tapşırığı kitabını müsadirə ediblər. Məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 448-ci və 482.3-cü maddələri ilə inzibati iş açılıb. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən, kitablar pirat və kontrafakt məhsullardır. Alıcılar son dərəcə diqqətli olmalıdır. Pirat nüsxələrin müqayisəsi zamanı orijinal nüsxələrlə xeyli sayda uyğunsuzluqlar ortaya çıxır. Əsl nüsxələrin titul vərəqində gizlədilmiş xüsusi simvollar pirat nüsxələrdə görünmür. Pirat nüsxələrin yan, arxa və titul üzlüyündə olan sözlərdə bir neçə yerdə "ə" hərfi əvəzinə "e" hərfi yazılıb. Həmçinin digər orfoqrafik səhvlərə də yol verilib.
- Baxış: 965