Paytaxtın Xəzər rayonunda yol qəzası zamanı 1 ailənin 6 üzvü xəsarət alıb. Hadisə Binə qəsəbəsi Südçülük sovxozu kimi tanınan ərazidə baş verib. "VAZ 2106" markalı avtomobilin sürücüsü yol-nəqliyyat hərəkəti qaydasını pozaraq qəfildən geriyə dönmək istəyib. Həmin vaxt sürətlə hərəkət edən "BMW" markalı avtomobil "VAZ"a çırpılıb. Aşan "VAZ 21 06"nın içərisində olan 45 yaşlı Etibar Ağayev, 28 yaşlı Ceyhun Ağayev, 23 yaşlı Səbinə Ağayeva, 9 yaşlı İslam Ağayev, 3 yaşlı Naz Ağazadə və 9 yaşlı daha bir uşaq xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. "BMW"nin sürücüsü, 35 yaşlı Ramin İbrahimov da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Həkimlərin verdiyi məlumata görə, Etibar Ağayevin vəziyyəti ağırdır.
İsmayıllı rayonunda da ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini 45n yaşlı Seymur Kəbirov “NAZ Lifan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili körpüdən Əyriçay çayına aşırıb. Nəqliyyat vasiəsinin 15 metr hündürlükdən aşağı düşməsi nəticəsində sürücü ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri müxtəlif kəsici alətlərdən istifadə etməklə əzilərək deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan Seymur Kəbirovu xilas ediblər. Sürücü əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına, sonra isə vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərinə aparılıb.
Mingəçevir şəhərində də ağır yol qəzası baş verib. Samux küçəsində ”Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə maşın yolun kənarındakı işıq dirəyinə çırpılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sükan sahibi 22 yaşlı Əmirxan Hümbətov xəstəxanaya yerləşdirilib.Abşeronda 2 yaşlı körpəni avtomobil vurub. Məhəmmədəli Zeynallı oyun oynayarkən qəfildən yol kənarına çıxıb. Nəticədə məlum hadisə baş verib. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 787