PAL-V adlı Niderland şirkəti Cenevrədə ilk seriyalı uçan avtomobil göstərib. Liberty iki sərnişin və 20 kiloqram yük daşımaq iqtidarındadır. Lazım olan sertifikarlar əldə olunandan sonra aerokarın ilk istehsalı 2019-cu ildə ola bilər. PAL-V Liberty-nin güc sistemində iki aviasiyalı Rotax motoruna rast gəlinir. Yerdə hərəkət edərkən motor 100 at gücündə olur. İlk “yüzü” yığmaq üçün maşına 9 saniyə vaxt gərəkdir. Maksimal sürətsə 160 km/saatdır. Bir çən yanacaqla Liberty 1315 kilometr məsafə qət edir. 100 kilometrə 7,6 litr yanacaq işlədən maşının uçarkən at gücü 200-ə bərabərləşir. Avtmobilin qalxa biləcəyi maksimum yüksəklik 3,5 min metrdir və göydə ən çox 180 km/saat sürət yığa bilər. PAL-V Liberty-nin uçuşu üçün azı 330 metr düz yer lazımdır. Avtomobil səmada 4,3 saat qalmaq və uzaqbaşı 500 kilometr uçmaq imkanına malikdir. PAL-V Liberty-ni sifariş vermək üçün əvvəlcədən versiyadan asılı olaraq 2,5 mindən 25 min dollaradək depozit qoymaq lazımdır. Daha öncə bildirilmişdi ki, uçan maşının qiyməti 299 min dollar olacaq.
- Baxış: 783