• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1086
— 06.03.2018 13:57

Telefon alıcıları oğru çıxdı

KepezTV Player

Telefonunu satmaq istəyən şəxs işə düşüb. Alıcılar malını oğurlayaraq qaçıblar. Ancaq başqasının əşyasına göz dikənlər elə də uzağa gedə bilməyiblər. Polis hadisəni törədən şəxsləri yaxalayıb.

Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə paytaxt sakini Fərid Qəmbərli müraciət edərək bildirib ki, bir neçə gün əvvəl onlayn alış-veriş saytlarında özünə məxsus mobil telefonu satmaq istəməsi barədə elan yerləşdirib. Daha sonra tanımadığı şəxs onunla əlaqə saxlayaraq həmin telefonu almaq istədiyini bildirib. Yeni Günəşli qəsəbəsində görüşən zaman isə həmin şəxs və yanındakılar onun mobil telefonunu əlindən alaraq hadisə yerindən qaçıblar. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən İmişli rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşən Nuriyev, Rüfət Həsənzadə və paytaxt sakini Samir Hacızadə saxlanılıblar. Onların ətraflarında həyata keçirilən əlavə tədbirlərlə saxlanılan şəxslərin eyni üsulla daha bir nəfərin mobil telefonunu oğurladıqları məlum olub. Dəstə üzvləri cinayətləri həyata keçirən zaman Samir Hacızadənin avtobilindən istifadə ediblər.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Suraxanı Rayon Polis İdarəsi, eləcə də 33-cü Polis Bölməsinə müraciət edə bilərlər.