Rey Bredberi deyib ki, kitabları yandırmaqdan daha böyük cinayət var - onları oxumamaq. Bir neçə saniyə sonra təqdim edəcəyimiz süjetin "qəhrəman"ı isə kitablarla bağlı daha bir cinayətin olduğunu göstərdi: onları oğurlamaq. Kitabı, məsələn, oxumaq üçün oğurlasaydı, yenə də hardasa, onun əməlinə müəyyən don geyindirmək olardı. Amma Kürdəmir sakini bu hərəkəti haram yolla pul qazanmaq üçün edib.
Paytaxtın Nərimanov rayonu Atatürk prospekti, 9 ünvanında yerləşən, Solmaz Amanovaya məxsus yardımçı təsərrüfatdan oğurluq olunub. Zərərçəkən faktla bağlı Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Onun bildiridiyinə görə, həmin yerdən müəllifi olduğu 900-dən çox uşaq ədəbiyyatı kitabı və məişət əşyaları oğurlanıb.
16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Samir Salmanov saxlanılıb. Həmin şəxs istintaqa ifadəsində əməlini etiraf edib. Onun sözlərinə görə, əyri yolla əldə etdiyi kitabları şəhərin müxtəlif nöqtələrində yerləşən kitab mağazalarına satıb. Araşdırma zamanı Samir Salmanovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar və zəruri istintaq hərəkətləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 569