Bakı şəhər sakini Kamil Nəcəfov Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, yanvarın 2-də iki nəfər tanımadığı şəxs onun taksi fəaliyyəti ilə məşğul olduğu “Mersedes” markalı nəqliyyat vasitəsinə müştəri kimi əyləşib. Və onları NZS qəsəbəsinə aparmağını xahiş ediblər. Deyilən ünvana çatanda isə avtomobilin salonunda olan sürücüyə məxsus dəyəri 445 manat olan mobil telefon həmin şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirilib. İdarə əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Siyavuş Salmanov və Salyan rayon sakini İsa Quliyev saxlanılıb. Onların taksi fəaliyyəti ilə məşğul olan daha 6 sürücünün mobil telefonunu eyni üsulla ələ keçirdikləri məlum olub.
Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-yə müraciət edə bilərlər.
Zülfiyyə Telmanqızı
- Baxış: 544