Bakıda seyf oğruları saxlanılıb. Belə ki, dekabrın 13-də Bakı şəhər sakini İlqar Həziyev Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsinə məlumat verərək Albalılıq yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin dəmir barmaqlıqlarının qırıldığını və mənzildən içərisində 100000 manat olan seyfin oğurlandığını bildirib. Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər RPİ əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb. Məlum olub ki, oğurluğu törədən Xəzər rayon sakinləri Bayram Əsgərov və Heydərəli Hacıyevdir. Həmin şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər. Onların üzərlərindən və yaşadıqları evlərdən oğurladıqları pullar aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 774