• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1817
— 28.09.2017 22:51

Sosial şəbəkələr vasitəsilə tanış olub, şantaj etdilər

KepezTV Player

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət edən qadın  “İnstagram” sosial şəbəkəsində tanış olduğu Cavad adlı şəxsin ona hədə-qorxu gələrək, 1000 manat pul istədiyini bildirib. Cavad pulu ödəməyəcəyi təqdirdə qadın barəsində rüsvayedici məlumatlar yayacağını, onun fotoşəkillərini isə ailəsinə göndərəcəyini deyib. Baş İdarə əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən şəxsi – Siyəzən rayon sakini Cavad Ağarəşidovu qeyd edilən miqdarda əskinazı qadından alan zaman saxlayıblar.

Baş İdarəyə müraciət edən daha bir qadın isə sosial şəbəkə vasitəsi ilə tanış olduğu Samir adlı şəxsdən şıkayətlənib. Samir qadının fotoşəkillərini yayacağı ilə hədələyərək ondan 10500 manat alıb və yenidən 2000 manat pul tələb edib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən istədiyi əskinazları alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib. İsmayılzadə ifadəsi zamanı 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə pul aldığını etiraf edib. Göstərilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Qadınlara hədə-qorxu gələrək onlardan pul tələb edən gördüyünüz bu şəxslərin əməllərindən başqa zərərçəkənlər varsa, bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. Nəzərinizə çatdıraq ki, analoji cinayətlərlə bağlı müraciət edənlərin anonimliyi qorunur. Vətəndaşlara isə sosial şəbəkələrdə tanış olduqları insanlarla ünsiyyət quran zaman diqqətli olmaları və şəxsi məlumatları gizli saxlamaları tövsiyə edilir.