Paytaxtda oğurluqla məşğul olan daha bir dəstə ifşa olunub. Mağaza və tibb müəssisəsindən oğurluq edən şəxsin də kimliyi bilinib. Təfərrüatları süjetdən biləcəksiniz...
Paytaxt sakinlərindən biri DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək bildirib ki, Xətai rayonu “NZS” qəsəbəsində yaşadığı evin qarşısında ona məxsus “Mersedes” markalı avtomobildən naməlum şəraitdə 1 ədəd maqnitafon oğurlanıb. Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş – Elvin Hüseynov, Elşən Ağayev, Qasım Novruzov və Nicat Hüseynov saxlanılıblar. Həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində cari il iyul ayının 30-dan avqustun 22-dək olan müddətdə Xətai rayonu ərazisində daha 6 nəqliyyat vasitəsindən mobil telefon, pul, akkumlyator və maqnitafon oğurladıqları da məlum olub. Dəstə üzvləri oğurluq yolla əldə etdikləri avtomobil ehtiyyat hissələrini paytaxtın müxtəlif ərazilərində dəyər-dəyməzinə satıblar.
Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində bu il iyulun 17-dən avqustun 14-dək olan müddətdə 3 avtomobildən, 2 mağazadan, habelə tibb müəssisəsindən pul, mobil telefon və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov da saxlanılıb. Yasamal RPİ əməkdaşlarının sözügedən şəxsin ətrafında apardıqları tədbirlərlə onun həmçinin bu ilin iyul ayı ərzində rayon ərazisində 1 mağazadan və 1 mərc oyunları məntəqəsindən pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilib. Qeyd edilən faktlarla bağlı Xətai və Yasamal Rayon Polis idarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 476